HƏZRƏT ABBASA BİRİNCİ MƏKTUB

OMAC

Əzizlərim, mən, Əbdürrəhim bəy oğlu Mirzə Səfər hüzurunuzda ərz edirəm ki, bu yazdıqlarımın mənim düşüncələrimə, dünya görüşlərimə və ümumilikdə heç zadıma dəxləcəyi yoxdur, vəssalam… Mən sadəcə vəzifəm icabı boynuma düşən yükü ortadan qaldırmağa çalışıram. Yani bu iş, bu qədər sadədir. Yazıb-oxuma bilməyən bacı-qardaşlar məndən ki, xahiş edərlər Həzrət Abbasa məktub yazım, mən də onların nəql etdiyi vaqeələri yazıb göndərirəm Həzrət Abbasa… O həzrət də sağ olsun ki, hələ bu günə qədər qırmızı mürəkkəblə yazılmış heç bir məktubumuzu cavabsız qoymayıb. Deməli belə məsələn bu yaxın günlərdə bir dəmirçi baba, şükür eləyə-eləyə gəlib oturub yanımda deyir ki, yaz ay Mirzə Səfər, yaz… Bilirəm ki, bu məmləkətdə sənden qeyri heç kim mən dediklərimi eşitdiyi kimi yazmayacaq. Yaz, bir məktub göndərək Həzrət Abbasa. Mən  biçarə  də nə edim… O dedi, mən də vəzifəm icabı  yazdım:

BİRİNCİ MƏKTUB

Atam, anam sənə qurban ay Həzrət Abbas bu nə işdi… Belə də dərd olar — o günü dəmirçixanamda sakitcə oturmuşdum. Kaş elə əvvəlki, iyirmi doqquz gün kimi, o gün də axşama qədər elə boş-bekar oturaydım… Öynədən sonra qəfildən bu qıçı qırılmış Kar Əli, axsax atı ilə taytıya-taytıya çıxdı böyürdən… Mən də həmişəki kimi dedim ki, get, sabah gələrsən ancaq kimə deyirsən, getmədi ki, getmədi… Bu zalım oğlu bir kəlmə eşidir ki, bəyəm… Axır naəlac qalıb, qəməltini götürdüm, başladım ki, atın dırnağını zir-zibildən azad edəm, baxam görəm nə olub… Birdən bu çər dəymiş at necə etdisə, ayağı bu kar binamazın əlindən nətər çıxıb, mənim dirsəyimə dəydisə, əlimdəki  şoğərib qəməlti saplandı gözümə… Vay, vay… Zülüm də elə bundan sonra başladı. Məhlədə bir vay-şivən qopdu ki, nəysə külfəti bir-təhər sakit edib, qəməlti də gözümdən sallana-sallana getdim ən yaxındakı həkim məntəqəsinə… Orda bir xeyli gözlədikdən sonra, süpürgəşidən tutmuş, baş həkimə qədər hamı bir-bir gəlib gözümdən sallanan qəməltiyə qərib-qərib baxıb getdi. sonra sağ olsunlar, xəbəri eşidən ətraf qonşular da gəlib-baxıb getdilər. Bir xeyli də gözlədikdən sonra səbri-qərarım kəsildi, tibb bacısından soroşdum ki, bacı tay kimi gözləyirik bu şoğəribi gözümdən aralayın, mən də azad olub gedim də… Mənə nə desə yaxşıdır… Gözətçimiz uşağı uşaqbağçasından götürməyə gedib, gözlə o da gəlib baxsın sonra bir şey fikirləşərik… Nəsə, nə başınızı ağrıdım, sonda bu nataraz köpəkoğlu da gəlib çıxdı. Gözətçi də gözümün halına qərib-qərib baxandan sonra tibb bacısı nə desə yaxşıdır… Mənə deyəsən ki, bu iş burada düzələn deyil, sən gərək gedəsən lap o, baş xəstəxanaya, göz xəstəxanalarının gözü olan, bir göz xəstəxanası var ha, bax ora getməlisən… Əvvəlcə cin vurdu təpəmə… Bir istədim ki… Sonra dedim, lənət şeytana, bu cinlərdən kimə xeyir gəlib ki, mənə də gələ… Odur ki, kor-peşiman yol aldım, bu baş xəstəxanaya… Artıq hava qaralmışdı, demək olar ki, gecə idi… Orda da məni gözətçi qarşılayıb, xeyli sorğu-sual edəndən sonra göndərdi tibb bacısının yanına… ay atam-anam sənə qurban bu tibb bacılarının da hamısı elə bil eyni atadan-anadan törəyib, hamısı bir bezin qırağıdır… Amma, adamın üstündə allah var bu qız bir az insaflı idi. Sağ olsun yer göstərib, məni oturtdu, sonra başıma gələmləri dinlədi, sonra həkimə cibdən telefon açıb, vaqeəni ona da nəql etdi… Eşidirəm, həkim xəttin o başından deyir ki, sorunç gör minə razıdırsa durum gəlim, çıxardım o şoğərib qəməltini, yarasını da tikim, yoxsa işim çoxdu «denrajdeniyam» var… Tez cavab ver, gör əgər razıdırsa, qəbul eylə xəstəxanaya, təğyiri-libas olub, xəstəxana paltarı geysin gəlirəm…  Gözətçiyə də tapşır gözü üstündə olsun qaçıb eliyər ha…Dedim ay bacı, ay gözəl tibb bacısı, bacım…  Gözüm məni öldürür axı, paltarı dəyişməyin nə mənası var  axı, mən elə öz cır-cındırımla  buradaca oturub gözləyərəm… Dedi ki, yox ay qardaş nə danışırsız elə də iş olar… Onda həkim gəlməyəcək… Gərək siz qəbul olunub, xəstəxana paltarı geyinəsiz ki, o da arxayın olub, durub gələ bura… Yoxsa, Vallahi dünya dağıla, həkim nağd bilməsə ki, burada onu gözləyən var, dünyasında gəlməz… Bacı, ay bacı, məndə o min olsaydı nə vardı… Mən  bu işıqlı dünyaya göz açandan — kaş heç açmayaydım — nəin ki, min o sən deyənin yüzünü heç bir yerdə topa görməmişəm… İndi mən nə edim… Haranın külünü töküm başıma… Nəsə, çox çək-çevirdən sonra cibi alıb özüm doxtorla danışdım… Vallahi sağ olsun, insan adam imiş məni anladı, dedi ki, yaxşı sən get «piryomnuya», yazıl xəstəxanaya, əynini də dəyiş, bizim paltarlardan gey hazır gözlə, mən gəlirəm qalanın orda danışarıq, tay bunlar telefon söhbəti deyil… Yenə sağ olsun, məclisi yarımçıq buraxıb,  durub gəldi, xəstəxanaya — öz iş yerinə. Oturub mənimlə söhbət etdi, mən ağladım, o ağladı… Mən ağladım, o ağladı…  (Bu şoğərib qəməlti də sallanır ey gözümdən, arada qəməltinin sapı stolun üstünə dəyir və o hər tık elədikcə nədənsə qeyri-ixtiyari yadıma «sapı özümüzdən olan baltalar» düşürdü… )  Əlqərəz, bir xeyli cəhl vurduq…. Ancaq, çifayda mən bisavad baba, o üç-dörd univeristə bitirmiş doxtor… Ağlamaqda ona çata bilməyib, pəs etdim… O da sağ olsun, istədiyini  bir il ərzində hissə-hissə almağa razılaşıb, qəməltini gözümdən, çxartdı, yarasını tikib, müalicə etdi… Bir xeyli keçəndən sonra o gözümə şüşə də qoyub ki, heç gözümün yaralı olduğun özüm belə hiss etmirəm… Mənim şikayətim bundan deyil… Gözətçilər də, tibb bacıları da, lap elə doxtorların çoxu da bir tikə çörək pulunun əsirinə çevrilib, qarınlarını otarmaqla məşğuldur… Qoy olsunlar… Özəl haqqlarıdır mən bir şey deməm… Mənim şikayətim bu yazıq-binəvaları bu günə salıb, belə ağlar günə qoyanlardandır… Vay-vay doxtor necə ağlayırdı,  necə ağlayırdı, ay Allah… Deyirəm, Vallahi  hansı məsələ olur-olsun, oxumuş adam başqadır… Ya Həzrət Abbas  inan  ki, zalım oğluna dil çatdırmaq olmurdu… Vallahi, tay bilmirəm nə deyəm, yəqin ki, bu yazıq Mirzə də dəng oldu. Odur ki, söhbəti kəsə edib, bu yazıqları ağlar günə qoyanlar var ha, onların hamısını sənə tapşırıram, ya Həzrət Abbas… Atam-anam sənə qurban, ay Həzrət Abbas… Sağ olsun, bu mirzə ay Həzrət Abbas…

İmza: Çörəyi daşdan çıxan, Dəmirçi Həsən.

«HƏZRƏT ABBASA MƏKTUBLAR» SİLSİLƏSİNDƏN: — Mirzə SƏFƏR