HAQQIMIZDA

x-RVTRFF_400x400

 

«Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,

Hələ gördüklərimin dörddə birin yazmayıram!»

 

Allah sənə qəni-qəni rəhmət eləsin, Sabir… Sənin son sözlərini dediyin gündən yüz ildən çox vaxt keçsə də heç nə dəyişmədi… ŞARLATANLAR hələ də qalmaqdadır… Hər tinbaşı marığa yatıb öz şikarlarını gözləyirlər…

“MAKLER — VİP” adlandırdığımız bu e-jurnalda hamımızın demək olar ki, hər gün rastlaşdığı aradüzəldənlərin «fəaliyyətləri» işıqlandırılır. Gündəlik həyatımızın ayrılmaz və eyni zamanda göz önündə görünməyən bu qaranlıq kölgəsinə işıq salan, yəni bu söhbətləri Sizlərə çatdıran, qəfil gördüyü, şahidi olduğu məsələləri rəhmətlik — həmişəyaşar (diriyə də rəhmət var — bir də ki, öləndən sonra xala, xətrin qalmasın hamıya rəhmət oxuyurlar, oğul odu, sağlığında rəhmət qazana… Vallahi bu belədir…)  Mirzə Səfərin dilindən qələmə alıb sərəncamınıza verən,  Sizi acı-acı güldürən bəndəniz, Uca Yaradanın  sadiq qulu:  Zaur Ustac  dır. e-Jurnal üçün satirik yazılarınızı İnbox-a  və  e-mail adresə  göndərə bilərsiz. Yaradan yardımçımız olsun. Amin. (Amen)

Allahım, bu məmləkətdə nə qədər aradüzəldən var imiş…. Hər bir aşağıdakı özündən yuxarıdakı üçün (süpürgəçi-qapıçıdan tutmuş, müavin-müdirə qədər hamı) araçılıq edir….  Zalım uşağı kimi bir ağacın dibinə qoyublar ki, arada ağaca su versin və ya hansını bir qapının ağzına bağlayıblar ki, gəlib — gedənə salam-sağol eləsin, özünü vəziri — Süleyman sayır… Nəsə mətləbdən uzaqlaşmayaq…. Sən özün onlara   kömək ol, Uca Yaradan…  Ruzilərin yetir…. Bizi də onların şərrindən qoruginən… Amin. (Amen)

Mirzə Səfərə də can sağlı, uzun ömür, iti göz, darıdələn qulaq, saqqız kimi yaddaş, kəskin qələm və bir də pulsuz-limitsiz internet nəsib eyləginən ki, bizi vaqeələrdən vaxtında xəbərdar etsin… Amin, Amin, bir də Amin. (Amen)

QISA ARAYIŞ:

Əzizlərim, mən, Əbdürrəhim bəy oğlu Mirzə Səfər hüzurunuzda ərz edirəm ki, bu yazdıqlarımın mənim düşüncələrimə, dünya görüşlərimə və ümumilikdə heç zadıma dəxləcəyi yoxdur, vəssalam… Mən sadəcə vəzifəm icabı boynuma düşən yükü ortadan qaldırmağa çalışıram. Yani bu iş, bu qədər sadədir. Yazıb-oxuma bilməyən bacı-qardaşlar məndən ki, xahiş edərlər Həzrət Abbasa məktub yazım, mən də onların nəql etdiyi vaqeələri yazıb göndərirəm Həzrət Abbasa… O həzrət də sağ olsun ki, hələ bu günə qədər qırmızı mürəkkəblə yazılmış heç bir məktubumuzu cavabsız qoymayıb. Özü də nə məsələdirsə yanıma gələnlər adətən söhbətə belə başlayırlar ki, yaz ay Mirzə Səfər yaz… Bilirəm ki, bu məmləkətdə səndən qeyri heç kim mən dediklərimi eşitdiyi kimi yazmayacaq. Yaz bir məktub göndərək Həzrət Abbasa. Mən də nə karəyəm ki, ….

Hörmətlə: Əbdürrəhim bəy oğlu Mirzə Səfər.

 

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan

 

YARDIMÇI: добавьте новую страницу.

Реклама